Nyu-Yorkda yenidən karantin rejimi tətbiq olunur

20 Noyabr 2020 21:24    15 Baxış   
Nyu-Yorkda yenidən karantin rejimi tətbiq olunur
Son günlər ABŞ-ın Nyu-York şəhərində koronavirus pandemiyasına yoluxanların sayının artması səbəbindən yenidən karantin rejimi tətbiq oluna bilər.

"Report"un xüsusi müxbiri xəbər verir ki, 8,5 milyon insanın yaşadığı şəhərin bələdiyyə sədri Bill de Blasio sabahdan etibarən məktəblərin ehtiyat məqsədilə bağlanacağını bildirib.

Qərara əsasən, 300 min şagird yenidən təhsilini onlayn yolla davam etdirəcək. Ancaq bir çox valideynlər bələdiyyə sədrinin ofisinin binası qarşısında qərara etiraz ediblər.

Bill de Blasio Nyu-Yorkda pandemiyanın ikinci dalğasının başlandığını açıqlayaraq sosial məsafə rejiminin sərtləşdirilməsi ilə şəhərdə tam karantin tətbiq olunmasını təklif edib. Nyu-York bələdiyyəsi restoranların, idman salonlarının, alış-veriş mərkəzlərinin və bütün ictimai obyektlərin fəaliyyətinin tamamilə dayandırılmasını planlaşdırır. Ancaq əyalət qubernatoru Endryu Kuomo bələdiyyə başçısının təklifinə qarşı çıxıb. Bu səbəbdən də şəhərdə yenidən tam karantinin tətbiq olunub-olunmayacağı sual altındadır.

Qeyd edək ki, Nyu-York şəhəri uzun müddət pandemiyanın episentri olub. Rəsmi məlumata görə, ABŞ-da koronavirusa yoluxanların sayı 11 milyonu ötüb, 255 mindən çox insan isə ölüb.

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar